Oktyabr 24, 2021 2:59 axşam
Oktyabr 24, 2021 2:59 axşam

Elmin İskəndər kimdir?

Bonpini MMC (www.bonpini.az) start-up layihəsinin ideya müəllifi, həm-təsisçisi və rəhbəri, DMS (www.dms.az) şirkətinin təsisçisi və direktoru, Google Ads və SEO üzrə mütəxəssisəm.  

Təhsilim

Salam, hörmətli oxuyucu. Tam adım Elmin İsgəndərzadə (Qısası Elmin İskəndər). Azərbaycanda doğulmuş, Rusiyada böyümüş və ali təhsil almaq üçün yenidən Azərbaycana – doğma vətənə – qayıtmışam.

1 il hazırlıqdan sonra 514 balla Azərbaycan Dövlət Neft və Sənaye Universiteti İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına qəbul olmuş və müvvəffəqiyyətlə bitirmişəm (2013 – 2017).
2017-ci ildə Azərbaycan Texniki Universitetinə magistr pilləsinə qəbul olmuş, lakin 2-ci kursda start-up layihəmə daha çox vaxt ayıra bilmək üçün təhsilimi dondurmuşam.

Elmin İsgəndərzadə ADNSU-da imtahan vaxtı

 

Start-up tarixçəm

Hər şey 2015-ci ildə başladı. Təhsil aldığım ADNSU-da «eazi START» Start-Up Məktəbi fəaliyyətə başlayır və qarşıma çıxan qeydiyyat linkindən yan keçmirəm. Çox keçmir ki, xaricdən dəvət olunmuş təlimçinin start-up mövzusunda silsiləvi təlimləri başlayır və əlbəttə ki, mən sevə-sevə qoşuluram. Deyərdim ki, start-up sözünün mənasını və ilk addımları necə atmalı olduğumu elə ondan öyrəndim.

Start-up məktəbdə ilk təklif etdiyim ideya «NeverLose» adlanırdı. İdeya bundan ibarət idi ki, smartfonla Bluetooth sinxronlaşmasında olan qolbaq əlaqə itən kimi (smartfonla) səs və titrəyişlə sahibinə itki barədə məlumat verir. Çox sadə bir ideya idi, amma o vaxtlar özümü Bil Qeyts kimi hiss edirdim
Google-da axtarış edib bu ideyanın artıq illər əvvəl «məndən oğurlandığını» başa düşdükdən sonra layihənin başını buraxdım.

Telebe.pro layihəsi

1-2 ay sonra, 2016-ci ilin qış sessiyasında «köməkçi vasitələrdən» (şparqalka) istifadə etdiyim üçün imtahanların birindən kəsilirəm və bu, mənim yeganə gəlir mənbəyim olan təqaüdün kəsilməsi demək idi (zərbəçi olaraq təxmini 75 manat alırdım). Mandraja düşən mən hardan necə pul qazana biləcəyimi düşünməyə başladım, çünki evdən pul istəmək kimi bir vərdişim yox idi.

Telebe pro layihəsi - Elmin İskəndərin ilk layihələrdən biri idi.

Həmin ərəfələr bir kirayə evdən digərinə köçmə vaxtlarına düşdüyü üçün ağlıma gələn tək variant — əvvəlki kurslarda və abituriyent vaxtı aldığım kitabları satmaq oldu.
Kitabları sata bilmək üçün facebook qruplarına üz tutdum, amma paylaşımlar effekt vermirdi. O vaxtlar WordPress-lə sayt yığmağı təzəcə öyrəndiyim üçün düşüdüm ki, tələbələr üçün bir elan saytı yığım — həm öz kitablarımı sataram, həm də digər tələbələr saytdan istifadə etdikcə izləyici və baxış sayı artar, hansı ki bundan da bir şəkildə gəlir əldə edərəm.
Sayt üçün domen seçdim və stipendiya kartımda qalan son 10-15 manatın 3 manatına domen aldım, pulsuz hostinq tapdım və saytı 1001 əziyyətlə yığdım.

Bilənlər indi deyəcək ki,

1001 əziyyətlə niyə? Axı WordPress-lə sayt yığmaq asandı.

Və düz də deyəcək. AMMA! Amma məni çətinliyə salan bir neçə məqam var idi:
— Yaşadığımız kirayə evdə internetin olmamağı ( Azercell-in USB modemi ilə işləyirdim)
— Qış aylarında evdə istilik sisteminin işləməməsi.
— WordPress-i hələ təzəcə öyrənməyə başlamışdım
— Saytı 3 dildə yığmışdım
Yuxusuz və soyuq gecələrdən, əsəb və əziyyətdən sonra nəhayət ki, Telebe.Pro saytı hazır olur və istifadəyə verilir.
Bu arada onu da deyim ki, mən saytı yığınca rektor kəsilmiş tələbələrə yenidən imtahana girmək şansı verir və mən o şansdan istifadə edib kəsrimi bağlayıram. Beləliklə kəsr məsələsi yekunlaşır, lakin ideya üzərində işləməyə davam edirəm!
İlk növbədə Vakansiyalar və Kitab alqı-satqısı kateqoriyaları daha sonra «Tələbəyə başqa nə lazım ola bilər?» deyib kurslar, xaricdə təhsil, təlim və kirayə evlər kateqoriyaları əlavə olunur.

Həmin ərəfələr ADNSU-nun qəzetində və rəsmi veb-saytında bu sayt haqqında məqalə də paylaşmışdılar.

Bu isə həmin məqalə üçün qrup yoldaşlarımla etdiyim “fotosessiya”.

Bu arada saytın ilkin domeni telebe.site-idi, daha sonra telebe.pro domenini alıb saytı köçürdüm. Sayt hazır oldu, kitablarımı yüklədim və başladım hər yerdə paylaşmağa. Gün ərzində 40-dan çox facebook qrup və səhifəsində paylaşım edirdim. Qrup yoldaşlarımdan da xahiş etdim ki, öz kitablarını dərc etsinlər. Yadıma gəlir ki, mən bu saytın “reklamına” başlayanda bəzi qrup yoldaşlarım məni ciddiyə almırdı). Uzun sözün qısası qrup yoldaşlarım da paylaşdı, facebook-dan daha bir neçə nəfərə saytımda elan dərc etməyi təklif etdim və get-gedə saytda elanların sayı çoxalırdı: təcrübə proqramları, vakansiyalar, kitablar və s. elanları dərc edirəm və saatlarla oturub paylaşıram ki, sayta trafik gəlsin.   

Aşağıda həmin ərəfələrdə satışa qoyduğum və satdığım kiatblarımdı 🙂 

Telebe.PRO-dan Otaq Yoldaşı-ya keçid

Aylar keçdi və hər günümün boş vaxtını yalnız saytımda yeni elan paylaşmaq üçün material axtarışına, sayta dərc olunmasına və Facebook-da paylaşımına sərf edirdim. Qarşıma çıxan və saytın kateqoriyalarına uyan köhnə və təzə olmağına baxmayaraq hər şeyi dərc edirdim. Bir gün iş elanları axtaranda qarşıma “İş elanları” adlı facebook profili çıxdı, yazıb təklif etdim ki, gəlin sizin elanları öz saytımda paylaşım və müştəri qazansanız mənə heç bir komisyon ödəməyin. Daha sonra məlum oldu ki, həmin profil Yenigül adlı xanıma məxsusdur və o, bir vaxtlar məşhur olan “Venta İşlətəmin mərkəzi”-nin əməkdaşıdır, hansı ki bu formada müştəri cəlb etməyə çalışır. Söz sözü açdı və xanıma fəaliyyətim maraqlı gəldi. Həmin vaxtlar tək işlədiyim üçün kiminsə bu sayta maraq göstərməsi məni sevindirdi və mən komandaya qoşulmağı təklif etdim, o isə təklifi qəbul etdi.

Fərid İsmayılov

Komandaya Fərid adlı daha bir nəfər qoşuldu, hansı ki reklam menecerliyini etməli idi.  Fərid aktiv tələbə, jurnalist, həm də bir tədris mərkəzinin reklamı ilə məşğul olurdu. Bir gün hansısa elanımdan görüb mənə şəxsidə yazmışdı:

– Sizin sayta ikinci admin lazım deyil?
–  Hələ ki, xeyr, lakin gələcəkdə lazım ola bilər. Mən sizə xəbər edərəm.
– Məncə sizə artıq ikinci admin lazımdı! Nə vaxt baslaya bilərəm?

=D Həm təəccübləndim, həm güldüm, amma nəticədə komandaya dəvət elədim və o da qoşuldu.
Artıq komandada 3 nəfər idik. Hərənin öz öhdəliyi var idi:
– Yenigül iş elanları cəlb etməli idi
– Fərid reklamla məşğul olmalı idi
– Mən isə digər kateqoriyalar üçün material tapmalı və hər yerdə paylaşmalı idim.

Ara-sıra görüşüb planlama etsək də, ayrılandan sonra işləyən tək mən olurdum =D

Və bu davam etdi 2016-cı ilin iyul ayınadək. Heç bir gəlir hələ də yox idi və gözlənilmirdi. O arada xoşagəlməz bir hadisə baş verdi: noutbukum yandı. Bəxtim orda gətirdi ki, zəmanətin bitməyinə hələ 1 ay qalmışdı və pulsuz təmir elətdirə bildim, amma lazımi hissənin xaricdən gəlməsi və təmir olunması 2 ay çəkdi. O müddət mənim üçün 2 il kimi keçdi, çünki səbrsizliklə işlərimə və sevimli saytıma qayıtmağımı gözləyirdim. Çox qəribə bir hisslərdir: baxmayaraq ki, o saytdan bir qəpik belə gəlirim yox idi, işimi çox sevirdim. Öz layihən övlad kimidir. Qarşılıqsız sevgi verirsən, əziyyət çəkirsən, gecə-gündüz yatmırsan, əlində qalan 3-5 manatı belə onun hastinqinə, domeninə xərcləməyə hazırsan təki olsun və böyüsün deyə. Çox hisslərə qapandım 🙂

Nə isə ki, 6 aylıq “övladımla” 2016-nın iyuluna gəldik çıxdıq. Facebook-da tələbələr üçün kirayə ev elanları axtaranda bir şeyə fikir verdim ki, əslində ayrıca ev istəyənlərdən daha çox otaq yoldaşı axtaranlar elan paylaşır və bunu xidmətə çevirməyi düşündüm. Avqustun ortaları idi Ağdaşdan Bakıya qəbul olan bir tələbə qız üçün Neftçilərdə bir ev tapdım və məlumat verdim. 2-3 gün sonra müştərim ailəsi ilə birlikdə gəldi baxdı, razılaşdı və mən 20 manatıma qovuşdum) Özümü həmin an ilk milyonunu qazanan şəxs kimi hiss edirdim, çünki bu pulu ÖZÜM qazanmışam, özüm qurduğum işdən.

Həmin 20 manat mənim üçün bir işarə idi ki, burda nəsə var, davam eləmək lazımdı və mən işarəyə biganə qalmayıb davam elədim. İlk qazancdan sonra daha aktiv işləməyə başladım, daha çox elan tapırdım, daha çox paylaşırdım və ay ərzində 3-4 müştərim olurdu. Beləliklə 75 manat təqaüdüm, üstəlik 60-70 manat “şəxsi biznesimdən” gəlirim məni artıq “varlı tələbə” etmişdi. Mənim 100 manatdan çox gəlirim var idi!

ADNSU-da 4-cü kursa başladım və işləri Yünigüllə bölmüşdük: o elan paylaşırdı, mən evləri göstərib ödəniş alırdım, pulu isə bölürdük. 2017-ci ilin Fevralınadək bu formada işlədik, daha sonra işi dondurduq, çünki mən 4-cü kursu bitirirdim, üstəlik magistra hazırlaşırdım. 
ADNSU-ni bitirdim, AzTU-ya qəbul oldum və 2017-ci ilin iyununda işə qayıtdım.

Elmin İsgəndərzadə İdeya Qazandı-da çıxışı

“İdeya Qazandı” Telemüqabiqəsində iştirak

Yay aylarında otaq yoldaşı formasında ev və kirayəçi axtaran az olur ona görə həmin vaxtlar daha çox  biznesin inkişafı ilə bağlı fərqli-fərqli təlim və yarışmalara qoşulurdum, inkubasiya mərkəzlərinə online müraciət edirdim ki, bəəəlkə harasa qəbul etdilər.
Həmin vaxtlar “İdeya Qazandı” telemüsabiqəsi gedirdi və mən də şansımı sınadım. Müraciətimə baxıldı və orda da çıxış etdim, hətta qaliblərdən biri oldum. Düzü heç bir maddi dəstək almadım, amma ordaki qalibiyyət mənə bir neçə şeyi qazandırdı:

  1. Özümə və layihəmə inam. Mən bunu artıq frilans iş kimi deyil, daha çox Startup kimi görməyə başladım
  2. İdeya Qazandı-da qalib olduğumu qeyd edəndə daha çox insan komandaya qoşulmaq istəyirdi və bu, işimi asanlaşdırırdı
  3. Hesab edirəm ki, Youth İnc.-ə qəbul olmağıma məhz bu kömək etdi. Bu haqda isə daha ətraflı danışacam.

“Business Case” layihəsində iştirakım

O müddət ərzində bir paylaşım çıxdı qarşıma: demək Prospect şirkəti Startup-çılar üçün bir layihə təşkil etmişdi və seçilmiş bir neçə Startup-çiya  mentor, kadr və inzibati dəstək verirdilər. Ora da qoşuldum və seçildim. Təxmini 1 ay ərzində online görüşlər təşkil olundu, mənə naming, strategiya, rollup bannerin dizayn və  çap olunmasında çox kömək oldular. Buna görə ayrıca təşəkkür edirəm!

Həmin ərəfələr həm də eAzi Startup məktəbinin rezidenti sayılırdım lakin orda ümumiyyətlə ideyamı ciddiyə alan yox idi.

“Yout İnc.” Biznes İnkubasiya Mərkəzinə qəbul

Günlərin bir günü Youtn İnc. biznes inkubasiya mərkəzindən zəng edib məni müsahibəyə dəvət etdilər. Mən özüm saytlarından qeydiyyatdan keçmişdim. 3 mərhələli qəbul prosesindən sonra son qərar verildi və mən rezident adını qazandım.

Yenigülə yazdım kı, bəs işimə qayıdıram, qoşulmaq istəmərsən? O isə zatən iş axtarışında idi deyə 2 seçim arasında qalmışdı: ya mənimlə daha rahat və sərbəst qrafiklə işləmək, ya da marketdə satıcı kimi şəhərdən axşama kimi. Gəlir baxımından ikinci variant daha uyğun olsa da, rahatlıq baxımından Gül mənimlə işləməyi seçdi və biz ofisə yerləşib işə başladıq.

Otaq Yoldaşı layihəsi Youth İnc.-də

Biznes inkubatorun rezidenti olmaq mənə şəhərin mərkəzində hər şəraiti olan ofis, yeni tanışlar və biliklər qazandırdı. Orda tanış olduğum bir proqramçı mənim wordpress-lə yığdığım saytın əvəzinə 0-dan sayt yığdı və sonra uzun müddət dəyişiliklər və əlavələr etdi, hansı ki hələ də işlətdiyimiz sayt həmin saytdı və hələ də dostluğumuz davam edir. Ümumiyyətlə orda vizyonum və ətrafım genişləndi.

Gəlirə gəlincə isə hərəmiz 100-150 manat qazanırdıq. Daha sonra bir adam daha götürdük, hərəmizə 150-200 qazanırdıq və çox xoşbəxt idik) Mənfi tərəf o idi ki, gəlir stabil deyildi – 20 manat pul gələn kimi bölünürdü aramızda və növbəti ödənişə qədər pul bitirdisə, bax onda vəziyyət rusça olurdu =D Yediyimiz lüks yemək 1 manatlıq dönər idi, ona da pul olmayanda 30 qəpiyə zavod çörəyi alıb şirin çayla yeyirdim (çay və şəkər ofisdə pulsuz idi). Bunlara rəğmən həyatımızdan razı idik.

“Otaq Yoldaşı” layihəsinin təqdimatı

2018-ci ilin dekabrında Youth İnc.-də xaricdə yaşayan Azərbaycanlı iş adamının iştirakı ilə bir konfrans təşkil olundu və orada Gənclərin Həmrəyliyinə Dəstək İçtimai birliyin sədri Cəmilə xanım Abdullayeva ilə tanış olduq. Bizim layihəni bəyəndiyi üçün bizə ödənişsiz yerləşə biləcəyimiz ofis təklif elədi. Açığı həmin ərəfələrdə zatən ödənişsiz Youth İnc.-də işləyirdik, amma yenilik olsun deyə təklifi qəbul etdik) 
Cəmilə xanım həm də Yeganə Şadlıq sarayının idarəçisi oluğuna görə elə ofisdə orda yerləşirdi.
Orda gülməli və yadda qalan məqamlardan biri  o idi kı,”Yeganə”-də toy olan günü  müştəri ofisə gələndə ziyafət geyimli xanımlar, kostyumlu bəylər və toy mahnılarının arasından keçməli idi. Yaxşı tərəfi isə o idi ki, həmin gün kabab və salatlar yeyirdik =D

“Young Card” Layihəsi


Cəmilə xanımla əməkdaşlıq müddətində Young Card adlı ortaq layihəmiz də oldu. Layihə bundan ibarət idi ki, gənclər üçün bir endirim kartı ərsəyə gətirək, hansı ki bu kart onlara iaşə, əyləncə və digər obyektlərdə endirimlər qazandıracaq. Saytını qurduq, kartın çap elədik, 30-dan çox partnyorla görüşüb 25-26-sı ilə müqavilə belə bağladıq, amma sonradan layihəni dondurmağa qərar verdik. Çox əziyyətli iş idi – günüm şəhərdə yollarda keçirdi.

Qızlar üçün “Çətir” yataqxanası

Orda olduğumuz müddətdə layihənin Facebook səhifəsinə bir şəxs yazdı və Yataqxana açmaq istədiyini bildirdi və biz dərhal görüş təyin edib ofisə dəvət etdik. Bu bir iş adamı idi, hansı ki ailəsi yaşayış binalarının tikintisi və satışı ilə məşğul idi və inşa etdikləri bir binanın mansard qatındakı mənzilləri yataqxanaya çevirmək istəyirdi. Bizə təklifi ondan ibarət idi ki, biz yataqxananın layihələndirilməsi və ərsəyə gəlməsində, daha sonra isə ora kirayəçilərin göndərilməsində dəstək olaq. Bizim üçün bu əla bir fürsət idi! Layihələr çizildi, görüşlər keçirildi, yataqxana ərsəyə gəldi və bacardığımız qədər yataqxananın reklamını etdik və  kirayəçi göndərdik.

Həmin yataqxana ilə hələ də işləyirik.

Firday.az-da müsahibə

Cəmilə xanımla əməkdaşlıq bitdikdən sonra qayıtdıq Youtn İnc.-ə

Youth İnc. artıq ofis deyil, evimiz idi. Deyib-gülürdük, əylənirdik, işləyirdik və işdən sonra yenə də həmin kollektivlə gedib gəzirdik.

Bir gün Friday.az saytından zəng gəldi ki, uğurla bağlı bir rubrika üçün müsahibə almaq istəyirlər. Müsahibə daha çox səmimi söhbət kimi keçdi və sonunda eyniadlı saytda məqaləm dərc olundu. Bu məni qürurlandırırdı.

İnvestisiya cəlb etdik

2018-ci ilin İyul ayında bir iş adamı ilə görüş oldu və bizim layihəyə maraqlı olduğunu bildirdi. Müəyyən e-mail yazışmaları və danışıqlardan sonra razılığa gəldik və əməkdaşlığa başladıq. 

Bizim üçün bu, növbəti mərhələ idi!

Bir az daha vaxt keçdi və təxmini iyul ayları idi kı, həmin investorla ortaq bir ofisə köçdük – yeni ofis, yeni masalar və yeni imkanlar!

Komandamıza 3 nəfər daha götürdük, sponsorlu reklamlar etdik və nəticə çox gözlətmədi. Yeni mərhələmizin elə ilk ayı dövriyyə 300 % artmışdı.

“İşi adamından öyrən” tədbiri

Otaq Yoldaşı (Bonpini) UNEC-də təşkil olunmuş “İşi adamından öyrən” tədbirin Gold Sponsoru olaraq da çıxış etmişdi. Tədbir sahibkarlıq mövzusunda idi və şəxsi işini qurmuş insanlar tələbələrlə öz təcrübəsi ilə bölüşürdü, öyüd-nəsiyyət verirdi. Mən də həmin tədbirdə çıxış edib Otaq Yoldaşı-dan danışdım.

AzTV-də qonaq oldum!

AZTV-də qonaq olmuşdum, startup haqqında təcrübəmizi paylaşdıq, maraqlı söhbətlər etdik.

Heç vaxt “Bura Azərbaycandı” sözümə aparıcının reaksiyasını unutmayacam 😄 Orda 14:23-dən əvvəl də bir dəfə deyirəm o cümləni və fikrimi açıqlayıram çünki o məqamda aparıcılar məni qulaq asmırdı.

14:23-də yenə o sözü dedim və qəfil bəy aparıcı eşitdi və dərhal sözümü kəsdi dedi ki, “Bura Azərbaycandı elə ona görə də hər şey mümkündür” 😄 

İctimai Radio-da çıxış

31 Oktyabr 2019-cu ildə İctimai Radio-dan “İdarəetmənin əsasları” mövzusunda olan rubrikada çıxış etməyə dəvət etdilər. Burda da öz təcrübəmlə bölüşdüm və ümumi olaraq maraqlı söhbətlər etdik.

“Otaq Yoldaşı” Oğlanlar üçün yataqxana

Gənclər evlərinin biri ilə əməkdaşlıq nəticəsində fəaliyyətə başlayan yataqxananın bazara uyğun qiymətlərinin təyin olunması, planlanması və konsultasiyasını bizim komanda etdi və daha sonra 2 həftə ərzində bütün yataq yerləri artıq bizim müştərilər tərəfindən bron olunmuşdur.

İTÜ Çekirdek tərəfindən təşkil olunmuş “Big Bang” Yarışması

Biz İTÜ Çekirdek tərəfindən hər il təşkil olunan “BigBang” Beynəlxalq StartUp yarışmasında iştirak etdik və finala qədər getdik! 

Biznes İnkubasiya Mərkəzimizin məzunu olmuş "Otaq Yoldaşı" İstanbulda yerləşən beynəlxalq "İTÜ MAGNET" Akselerasiya Proqramına qəbul edilib! 📢

Youth İnc.

“Creative Spark” StartUp yarışmasında iştirak

2019-cu ilin May ayında Britaniya Konsulluğu tərəfindan təşkil olunmuş “Creativ Spark” beynəlxalq startup yarışmasında iştirak etdik. 
Başlanğıcda 100+ layihədən seçilmiş 50-liyə, daha sonra isə 50-dən seçilmiş 15 layihə sırasında yer tutduq!

Oğlanlar üçün 35 nəfərlik yataqxana açdıq!

2020-ci ilin Yanvar ayında “Otaq Yoldaşı” Agentliyi olaraq Elmlər Akademiyası metrosu yaxınlığında yataqxana təşkil etdik. Yataqxana hər şəraitlə təchiz olunmuşdur: mərkəzi istilik sistemi, internet, qab-qacaq, yataqlar və yataq dəstləri, istirahət zonası və sair. Böyük əziyyət və büdcə ilə açılmış yataqxana 2020-ci ildə baş vermiş karantinlə bağlı Mart ayından etibarən iflas olmağa başladı və eyni ilin avqustunda tamamilə bağlandı. 

ADPU-da "Uğurun yaşı yoxdur" tədbiri təşkil etdik.

Tədbirdə müzakirə olundu: sahibkarlığın əsasları və özünü inkişaf, digital marketing (online iş), temperament növləri və peşə seçimi və stabil inkişaf üçün önəmli olan digər mövzular.

Daha Ətraflı

“Enterprise Azerbaijan” və Dövlət Məşğulluq Agentliyi Bonpini-yə aktivlər təqdim etdi.

“EnterpriseAzerbaijan.com” portalına daxil edilən 3 innovativ startapa Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib.

Daha ətraflı

Bonpini - Dövlət səviyyəsində innovativ StartUp statusunu təsdiqlədi!

7 İyun 2021-ci tarixində biz və daha 2 startap layihə Startap şəhadətnaməsi ilə təltif olundu və qeyd edim ki, hal-hazırda Azərbaycan üzrə ilk bu sertifikatı əldə edən bizik!

Daha ətraflı

Gələcək planlarım

Bu günədək komandamla birgə əldə etdiyim uğurlar haqqında geniş məlumat verdim 🙂 Gəlin indi də qısaca gələcək planlar haqqında sizə danışım.

Avtomatlaşma

Hal-hazırda Bonpini saytının 0-dan tam avtomatlaşmış versiyası yığılır.

Mobil tətbiq

İlin sonunadək mobil tətbiqimiz hazır olacaq.

Bakıda istifadə

Yeni avtomatlaşmış mobil tətbiq və veb-sayt Bakıda istifadəyə veriləcək.

Ukraynada fəaliyyətə start

2022-ci ilin ilk yarısında Bonpini artıq Ukraynada fəaliyyətə başlayacaq

Türkiyədə fəaliyyətə start

2023-cü ildə Türkiyə bazarında da fəaliyyətə start verməkdə qərarlıyıq!