Oktyabr 24, 2021 3:50 axşam
Oktyabr 24, 2021 3:50 axşam

StartUp (Startap) yoxsa ənənəvi biznes?

Bu seçim arasında qalsanız, sizə uyğun olanı seçməlisiniz. Hansının sizə uyğun olduğunu aydınlaşdırmaq üçün bunların arasında prinsipial fərqləri bilməlisiniz, odur ki, gəlin elə onları müzakirə edək!

Startapın üstünlükləri nədir?

  • Ən azından lokal bazar ya boş olur, ya da çox az rəqib olur
  • Çox vaxt az kapitalla başlamaq olur
  • Yenilik olduğu üçün diqqət cəlb edir
  • Yenilik olduğu üçün proses maraqlı gəlir
  • İş qrafiki və mühiti daha sərbəst və səmimi olur

Ənənəvi biznesin üstünlüklərinə gəlincə isə aşağıdakıları qeyd edə bilərəm:

  • Formalaşmış istifadəçi kütləsi, qiymət və dəyərlər var. Siz sadəcə düzgün rəqabət aparmalısınız
  • Nisbətən dəqiq planlama etmək olur
  • Daha qısa müddətdə real nəticələr görmək olur

Bu iki biznesdən birinin üstünlüyü digərinin mənfi tərəfi olduğu üçün bunları ayrıca siyahıya almağa ehtiyac yoxdur.

Hər iki biznes növünün mənfi və müsbət tərəflərini aydınlaşdırdıqdan sonra gəlin keçək analizə.

Əgər siz:

  • ilk 3-4 ildə ciddi gəlir olmadan maraqlı ideya üzərində daha sərbəst iş mühitində və iş qrafiki ilə işləməyə, lakin bir gün ya milyonçu ya da müflis olmağa hazırsınızsa, bir sözlə riski sevirsinizsə, o zaman sizdə bir startapçı ruhu var!
  • yox, əgər mümkün qədər qısa müddətdə pul qazanmaq və daha güvənilir bizneslə məşğul olmaq istəyirsinizsə, ənənəvi biznesə başlayın.

Bir məqam da var kı, startap və ya ənənəvi olmağından asılı olmayaraq müflis olma ehtimalı hər biznesdə var, lakin startap-da siz heçnəyə nail olmadan və bəzən sizdən asılı olmadan müflis ola bilərsiniz, ənənəvi biznesdə isə bu, adətən tədricən və sizin yalnış addımlarınızdan dolayı baş verər bilər.

Şəxsən mən startapı seçmişəm və peşman deyiləm, halbuki ənənəvi bizneslə məşğul olsaydım, bu gün böyük ehtimalla maddi olaraq daha yaxşı durumda olardım. Lakin mən prosesdən zövq almağı, daha uzun müddətli planlar qurmağı, qeyri-adi və maraqlı, eyni anda isə daha riskli işlə məşğul olmağı sevirəm!

Onu da qeyd edim ki, mən startap sahəsində işləməyə başlayanda mənim nə kapitalım, nə ətrafım, nə də ki lazım olan bilik və bacarıqlarım var idi. Mən bunların hamısını iş prosesində əldə elədim (daha ətraflı Haqqımda səhifəsində oxuya bilərsiniz) və günü-gündən artırmağa çalışıram. Bu məndə alındısa, hər kəsdə alına bilər.

Bu iki biznes növü arasında bir ortaq xüsusiyyət var ki, o da hər ikisində daha güclü, səbrli və daim inkişafa meyilli olmalı olduğunuzdur. Hər-hansı problem yarandıqda panikaya düşməməli, soyuq zehinlə çıxış yolları axtarmalısınız, dezavantajı avantaja çevirməyi bacarmalısınız. Çünki uğurlu biznes qurmaq zatən çətindir, üstəlik söhbət Azərbaycan bazarından gedirsə və qurduğunuz biznes startapdırsa!

Azərbaycan bazarında startap üçün çətinlik yaradan faktorlar aşağıdakılardır:

  • İstifadəçi kütləsinin online xidmət və sistemlərə öyrəncəli olmaması
  • İstifadəçi kütləsinin ümumiyyətlə yeniliyə açıq olmaması
  • Startap layihələrə yerli investorların güvənsizliyi
  • Startap ekosisteminin ölkədə hələ də tam formalaşmaması
  • Vençur fondlarının olmaması
  • Azərbaycan dilində startap mövzusunda məlumatın və tədbirlərin azlığı.

Okey, bəs ənənəvi biznes Azərbaycan bazarında niyə çətinləşir?

  • Çox vaxt sağlam rəqabətin olmamağı
  • İsitfadəçi kütləsinin ödəmə qabiliyyətinin aşağı olması (istər B2C, istərsə də B2B sektorunda)
  • Qohum əlaqələrinin geniş yayılması

Bəs siz hansı biznes növünü seçərdiniz və ya seçmisiniz?

0.00 avg. rating (0% score) - 0 votes
Paylaş
0 Comments

No Comment.